Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə nüfuzlu “UzChess Cup” beynəlxalq turnirinə start verilib. Dünyanın ən güclü qrossmeysterlərinin mübarizə apardığı “Masters” qrupunda millimizin üzvü Şəhriyar Məmmədyarov da çıxış edir.
Təmsilçimiz turnirin açılış turunda Hindistan təmsilçisi Vidit Santoş Qucrati ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən partiyada üstünlüyü əldə edən təcrübəli şahmatçımız rəqibini məğlub edərək aktivinə ilk xalını yazdırıb.
Bu gün 2-ci turun partiyaları baş tutacaq. Məmmədyarovun budəfəki rəqibi özbəkistanlı Nodirbek Abdusattorov olacaq.
Turnirin digər əhəmiyyətli mərhələsi olan “Challenge” bölməsində isə daha iki qrossmeysterimiz – Eltac Səfərli və Məhəmməd Muradlı mübarizə aparırlar. Onların yer aldığı qrupda ilk turun oyunlarına bu gün start veriləcək.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən və iyunun 15-nə qədər davam edəcək turnirin ümumi mükafat fondu 121 min 500 dollar təşkil edir.