UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları yekunlaşıb və həlledici matçın iştirakçıları müəyyənləşib. Rəqiblərinə şans tanımayan “Rayo Valyekano” və “Kristal Pelas” adlarını finala yazdırıblar.
İniqo Peresin rəhbərlik etdiyi “Rayo Valyekano” səfərdə oynamasına baxmayaraq, qarşılaşma boyu tam üstünlüyə sahib olub. Statistik göstəricilər də ispanların aşkar üstünlüyünü təsdiqləyir: matçın 70-ci dəqiqəsinə qədər qonaqlar rəqib qapısına 20 zərbə endirdiyi halda, meydan sahibləri cəmi 3 cəhdlə yadda qalıblar.
Bu dominantlıq 42-ci dəqiqədə bəhrəsini verib – Alemaonun dəqiq zərbəsi “Rayo”ya səfər qələbəsini qazandırıb. “Strasbur” oyunun sonlarında təsəlliverici qol vurmaq imkanı qazansa da, Xulio Ensiso penalti zərbəsindən yararlana bilməyib.
Krakovdakı ilk görüşdə “Şaxtyor”a qalib gələn “Kristal Pelas” cavab matçında da rəqibini üstələyib. Görüşə aktiv başlayan London təmsilçisinin 10-cu dəqiqədə Yeremi Pino ilə vurduğu qol ofsayd səbəbindən ləğv edilib. Lakin təzyiqi azaltmayan ingilislər 25-ci dəqiqədə Pedro Enrikenin avtoqolu ilə önə keçiblər. Braziliyalı müdafiəçi 34-cü dəqiqədə buraxdığı səhvi Eqinaldoya məhsuldar ötürmə verməklə sığortalayıb və sonuncu hesaba tarazlıq gətirib. Lakin “Şaxtyor”un geri dönüş ümidlərinə İsmayıl Sarr son qoyub. İki oyunun nəticəsinə görə rəqibini 5:2 hesabı ilə məğlub edən “Kristal Pelas” finala yüksəlib.
UEFA Konfrans Liqasının böyük finalı mayın 27-də Leypsiqdəki “Red Bull Arena”da keçiriləcək.
Konfrans Liqası, 1/2 final (cavab oyunları)
“Şaxtyor” (Ukrayna) – “Kristal Pelas” (İngiltərə) 1:2 (1:1)
Qollar: Eqinaldo, 34 – P. Enrike, 25 (avtoqol), İ. Sarr, 52.
İlk oyun: 1:3
“Strasburq” (Fransa) – “Rayo Valyekano” (İspaniya) 0:1 (0:1)
Qol: Alemao, 42.
İlk oyun: 0:1