“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”la heç-heçəni (1:1) şərh edib. Gürcü mütəxəssis komandasının ikinci hissədəki performansından razı qalsa da, nəticəni itki kimi dəyərləndirib.
Oyunun gedişatını analiz edən Tsxadadze futbolçular üzərindəki psixoloji təzyiqə diqqət çəkib: “İkinci hissədəki oyunumuza əsasən deyə bilərəm ki, bu gün iki xal itirdik. Matçın ilk yarısı bir qədər əsəbi keçdi. Turnir cədvəlindəki mövqeyimizi nəzərə alsaq, bu, normaldır. Futbolçularda ciddi gərginlik var. Fasilədən sonra isə yaxşı çıxış etdik, qol epizodları yaratdıq. Lakin son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu, həm stress, həm də ustalıq səviyyəsi ilə bağlıdır. Xarakter nümayiş etdirdikləri üçün oyunçularıma təşəkkür edirəm”.
Baş məşqçi azarkeşlərə müraciət edərək, onları sona qədər komandaya dəstək olmağa səsləyib: “Bundan sonra hər qarşılaşma bizim üçün finala bərabər olacaq. Azarkeşlərimizə minnətdaram və onlardan xahiş edirəm ki, sona qədər komandanın yanında olsunlar”.
Tsxadadze Turan Manafov və Paulo Kimbila kimi futbolçuların yoxluğu ilə bağlı sualı qısa cavablandırıb: “Bu barədə klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar”.
Növbəti turlar barədə danışarkən isə gürcü mütəxəssis hər xal üçün maksimum mübarizə aparacaqlarını bildirib: “Hər oyunda sona qədər döyüşmək lazımdır. Qarşıdakı bütün matçlar ağır keçəcək. Bu gün bir çoxları “Araz-Naxçıvan”ın asanlıqla qalib gələcəyini düşünürdü. Lakin biz turnir cədvəlində hazırda tutduğumuz yerə layiq olmadığımızı sübut etdik”.