Beynəlxalq dərəcəli FİFA referisi Əliyar Ağayev və laysman Nicat İsmayıllı nəhayət vətənə dönə biliblər. Küveyt Kubokunun oyunlarını idarə etmək üçün bu ölkəyə yollanan ədalət təmsilçilərimiz, bölgədə qəfil yaranan hərbi-siyasi gərginlik səbəbindən bir neçə gün orada qalmaq məcburiyyətində qalmışdılar.
Xatırladaq ki, ötən həftədən etibarən ABŞ və İsrail ilə İran arasında alovlanan hərbi əməliyyatlar regionda hava məkanının bağlanmasına və uçuşların təxirə salınmasına səbəb olmuşdu. Bu səbəbdən Küveytdən çıxa bilməyən hakimlərimizin təhlükəsizliyi və geri qayıtması idman ictimaiyyətində ciddi narahatlıq doğurmuşdu.
Bu gün əldə olunan məlumata görə, logistik maneələr aradan qaldırılıb və hər iki hakimimiz artıq Azərbaycandadır. Onların səhhətinin və əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilir.