Dünya çempionatının startı yaxınlaşdıqca, turnirdə iştirak edəcək komandaların heyətləri ilə bağlı maraqlı statistik məlumatlar ortaya çıxır. Təqdim olunan rəqəmlər həm klubların təmsilçiliyi, həm də heyətlərin yaş ortalaması baxımından diqqətçəkən məqamlarla zəngindir.
Miqrasiya rekordu: Yerli çempionatlara güvənməyənlər
Mundialda iştirak edəcək 901 futbolçunun böyük əksəriyyəti — 72,3%-i öz ölkəsində deyil, xarici çempionatlarda çıxış edir. Bu mənada bəzi yığmalar tamamilə legionerlərdən təşkil olunub. Belə ki, Kabo-Verde, Konqo DR, Kot-d’İvuar, Kürasao, Seneqal və Uruqvay millilərinin heyətində bircə nəfər də olsun yerli liqa təmsilçisi yer almayıb.
Bunun tam əksinə olaraq, Qətər və Səudiyyə Ərəbistanı yığmaları isə demək olar ki, tamamilə yerli kadrlara güvəniblər. Bu komandaların heyətində yalnız 1 legioner var.
Digər maraqlı fakt isə Niderland millisi ilə bağlıdır. “Narıncılar”ın heyətində eyni xarici çempionatdan — İngiltərə Premyer Liqasından rekord sayda, yəni 15 futbolçu yer alıb. Dünya çempionatına vəsiqə qazana bilməyən ölkələr arasında isə mundiala ən çox oyunçu göndərən ölkə İtaliyadır (71 futbolçu).
“Mançester Siti” zirvədə, İngiltərə klubları öndə
Klublar səviyyəsində DÇ-2026-da ən böyük heyətlə təmsil olunan komanda İngiltərənin “Mançester Siti” klubudur. “Şəhərlilər” bu turnirə, demək olar ki, iki tam heyət — 19 futbolçu ezam edib.
Ümumilikdə, daha 11 klub turnirə 10-dan çox futbolçu göndərməyi bacarıb. Bu komandaların 4-ü İngiltərə, 2-si Almaniya, 2-si isə İspaniya təmsilçisidir.
Yaş ortalaması: Ən gənclər və “qocalar”
Turnir iştirakçılarının ümumi orta yaşı 27,3 olaraq diqqət çəkir. Mundialın ən gənc heyətinə malik komandası isə 25,35 yaş ortalaması ilə Kot-d’İvuardır. İvuariyalıların iştirak ərizəsində 23 yaşından kiçik 6 oyunçu yer aldığı halda, 30 yaşdan yuxarı cəmi 4 veteran var. Digər gənc kollektivlərdən Ekvador 25,58 yaş ortalaması (7 gənc, 3 veteran), Bosniya və Herseqovina isə 25,92 yaş göstəricisi ilə (6 gənc, 4 veteran) turnirin ən dinamik heyətləri sırasında yer alıblar.
Turnirin ən yaşlı və təcrübəli komandaları isə Panama (30,00), İran (29,81), Kolumbiya (29,58) və Kabo-Verdedir (29,23). Panama millisinin heyətində 30 və daha yuxarı yaşda 13 futbolçu yer aldığı halda, 24 yaşından kiçik heç bir oyunçuya şans verilməyib. İranda isə 30 yaşlıların sayı daha çoxdur (16 oyunçu), lakin asiyalıların heyətində bir neçə gənc də tapılıb.
Turnirin “uşaqları” və gələcəyin ulduzları
Mundialın iştirakçı ərizələrinə 20 yaşından aşağı olan cəmi 21 futbolçu daxil edilib. Turnirin ən gənc oyunçusu Meksika millisinin 17 yaşlı yarımmüdafiəçisi Hilberto Mora olacaq.
Digər mövqelər üzrə turnirin ən gənc oyunçuları isə 18 yaşlı futbolçulardır. Belə ki, qapıçılar arasında Bosniya və Herseqovinanın qolkiperi Mladen Yurkas, müdafiə xəttində avstraliyalı Lukas Herrinqton, hücumda isə seneqallı forvard İbrahim Mbaye öz ampluası üzrə mundialın ən gənc simaları olaraq diqqət mərkəzindədilər.
Heyətində ən çox gənc (U-20) futbolçu olan komanda Bosniya və Herseqovinadır (3 oyunçu). Braziliya, İspaniya və Seneqal yığmalarının hər birində isə bu yaş qrupuna aid 2 futbolçu yer alıb.