“Neftçi” klubunun baş icraçı direktoru Cenk Sümer komandanın yeni mövsümə hazırlığı, transfer çalışmaları və qarşıya qoyulan hədəflər barədə danışıb.
O, öncə yeni mövsümlə bağlı arzularını dilə gətirib: “Arzu edirəm ki, yeni mövsüm hamı üçün uğurlu və ədalətli keçsin. Avrokuboklarda mübarizə aparan təmsilçilərimizin hər birinə uğurlar arzulayıram. İstərdik ki, dörd klubumuzun hamısı ölkəmizi layiqincə təmsil edərək yollarına davam etsinlər”.
Yeni mövsümə hazırlıq barədə: “Hazırlıq prosesini Sloveniyada keçdik. Hazırda Avropada olduqca isti hava hökm sürür. Lakin toplanış keçdiyimiz bölgədə havalar bir qədər sərinlədikdən sonra məşqlər daha rahat və səmərəli keçdi. Heyətimizə yeni qoşulan futbolçular var. Hazırda komandada tam bir kollektiv formalaşdırmağa çalışırıq. Baş məşqçimiz toplanışın gedişindən və yekunundan olduqca razı qaldı”.
Matias Varqasın transferindəki son durum barədə: “O, heyətimizdə görmək istədiyimiz futbolçudur. Varqasın transfer hüququ bizə məxsus deyil, o, ötən mövsüm komandamızda icarə əsasında çıxış edirdi. Hazırda danışıqlar davam edir və prosesin müsbət yekunlaşacağına ümid edirik. Lakin müqaviləyə rəsmi imza atılmayana qədər dəqiq bir söz demək çətindir”.
Baş məşqçi Yuri Vernidubun qarşısına qoyulan hədəflər barədə: “Yeganə hədəf çempionluqdur. Ötən mövsüm də qeyd etmişdim ki, “Neftçi” yenidənqurma dövrünü yaşayır, bu isə səbir tələb edən prosesdir. Biz daim irəli addımlamaq niyyətindəyik. Transfer bazarında yalnız bir oyunçuya fokuslanmırıq, geniş siyahımız var və bir çox futbolçunu izləyirik. Bu il klubumuzun 90 illik yubileyidir və əsas məqsədimiz çempionluq kubokunu qazanmaqdır. Təbii ki, Avropada da hədəflərimiz var. Xüsusilə “Dinamo” (Minsk) ilə qarşıdakı oyunlar bizim üçün böyük önəm kəsb edir. Azarkeşlərimizin bizimlə fəxr etməsi üçün çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Hamımız bu məqsədə kilidlənmişik”.
Klubun büdcəsi və transfer strategiyası barədə: “Mövsümlük büdcəmiz bizə bəllidir. Biz transferləri yalnız birillik deyil, 2-3 mövsümü hədəfləyərək edirik. Sponsorlardan gələn maliyyə vəsaitini təkcə yeni transferlərə deyil, həm də akademiyamızın inkişafına yönəltməyə çalışırıq”.
Baş məşqçi ilə münasibətlər və gələcək planlar barədə: “Biz baş məşqçimizlə hər gün sıx təmasdayıq və birlikdə çalışırıq. Onun maliyyə məsələləri ilə bağlı heç bir xüsusi tələbi yoxdur. Yuri Vernidubla müqaviləni yeniləmişik və klub olaraq uzunmüddətli strategiyamız var”.Konfrans Liqasındakı əsas hədəf barədə:“Əsas mərhələyə (qrupa) vəsiqə qazanmaq. Bunun asan olmayacağını bilirik, çünki bütün rəqiblər ciddidir. Lakin biz bu turnirdə yenidən tarix yazmağı arzulayırıq”.