Dünya çempionatının final fitindən öncə gərginlik pik həddə çatıb. İspaniya millisinin müdafiəçisi Emerik Laport rəqib Argentina və matçın baş hakimi Slavko Vinçiçə ünvanlanan kəskin bəyanatları ilə psixoloji müharibənin startını verib.
Təzyiqi artıran təcrübəli müdafiəçi turnirin favoriti Argentinanı aqressiv oyunda ittiham edərək bunları deyib: “Son matçlarda bizi ciddi şəkildə təəccübləndirən məqamlar oldu. Xüsusilə Argentinanın bəzi kobudluqlarının necə cəzasız qaldığını gördük. Onlar rəqiblərinə qarşı çox sərt oynayırlar”.
Laport ittihamlarla kifayətlənməyərək, İspaniyanın finalda oyun üslubunu dəyişəcəyini və rəqibə eyni şəkildə cavab verəcəyini açıq şəkildə bəyan edib: “Turnirin əvvəlindən bəri kobudluqdan və təhlükəli toqquşmalardan qaçırdıq. Lakin finalda onlara qarşı məhz bu üsulla oynamalıyıq. Çox şey hakimlikdən asılı olacaq”.
Meydandakı nizam-intizama cavabdehlik isə təyinata görə böyük rezonans doğuran Slavko Vinçiçin üzərinə düşəcək. Turnir ərzində (xüsusilə Braziliya – Mərakeş matçında) ciddi səhvlərlə yaddan qalan Vinçiç, FİFA-nın bu qərarından sonra həm ispanların, həm də argentinalıların böyük təzyiqi altında futbol dünyasının ən vacib matçını idarə etməli olacaq.