Millimizin hücumçusu Mahir Emreli karyerasını Polşa çempionatında davam etdirəcək. 29 yaşlı forvard bu gün “Rakuv” klubu ilə müqavilə bağlayacaq.
Tərəflər arasındakı razılığa əsasən, futbolçu Almaniyanın “Kayzerslautern” klubundan bir illik icarəyə götürülür. Tibbi müayinədən uğurla keçən hücumçunun müqaviləsində Polşa klubunun mövsümün sonunda onu daimi transfer etmək hüququ da nəzərdə tutulub.
Polşa mətbuatı Emrelinin “Kayzerslautern”dəki son mövsümünü uğursuz hesab edir. Onun zədələrdən əziyyət çəkdiyi, 13 oyunda cəmi 2 qol vurduğu və ümumilikdə 456 dəqiqə meydanda olduğu vurğulanır.
Bunula belə yerli medianın diqqət çəkdiyi əsas məqamlardan biri Mahirin daha əvvəl “Legiya”da çıxış etməsi və Polşa çempionatını tanımasıdır. Onun “Legiya”dakı keçmiş çıxışı (33 oyunda 11 qol) müsbət nümunə kimi göstərilir.