Əfsanəvi futbolçu Pelenin DÇ-58-in finalında geyindiyi tarixi forma rekord qiymətə satılıb.
“Sotheby’s” hərrac evində keçirilən satışda 17 yaşlı braziliyalı ulduzun İsveçə qarşı həlledici oyunda (5:2) meydanda olduğu forma 4,9 milyon dollara alıcı tapıb. Bu məbləğ Pelenin əşyaları arasında yeni rekord müəyyən edib: əvvəlki rekord 2022-ci ildə 1,3 milyon dollara satılan kolleksiya kartına məxsus idi.
İllər əvvəl Pelenin komanda yoldaşı Didaya hədiyyə etdiyi və sonradan muzeyə bağışlanan bu forma, 2004-cü ildə cəmi 105 min dollara satılmışdı.
Qeyd edək ki, bu, futbol tarixinə düşən ən bahalı forma deyil. Sözügedən rekord hələ də Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı “əllə” qol vurduğu matçda geyindiyi və təxminən 8,5 milyon dollara satılan formaya məxsusdur.