İspaniya və Argentina milliləri arasında keçiriləcək mundialın final oyununun baş hakimi sloveniyalı Slavko Vinçiç təyin edilib. 46 yaşlı referinin karyerasındakı ən yüksək zirvə 2024-cü ildə «Real» və «Borussiya» (Dortmund) arasında keçirilən Çempionlar Liqasının finalı (2:0) olub. O, həmçinin 2022-ci ildə Avropa Liqasının final matçında («Ayntraxt» – «Reyncers») ədaləti qoruyub.
Lakin təyinatın elanından sonra beynəlxalq mediada Vinçiçin keçmişi ilə bağlı qalmaqallı detallar yenidən gündəmə gəlib. Söhbət 2020-ci ilin may ayında Bosniya və Herseqovinada baş vermiş insidentdən gedir. Belə ki, hakim polis reydi zamanı narkotik vasitələrin, silah-sursatın və pul vəsaitlərinin aşkar edildiyi, habelə qadın alveri ilə məşğul olan şəxslərin saxlanıldığı məclisdə aşkar edilmişdi.
İstintaq zamanı şahid qismində dindirilən Vinçiç ittihamları rədd edərək, hadisə yerində tamamilə təsadüfən olduğunu bildirib: «İşgüzar görüşdən sonra nahar dəvətini qəbul etdim. Bu, böyük bir səhv idi. Hadisə ilə və orada olan insanlarla heç bir əlaqəm yoxdur». Hüquq-mühafizə orqanları da onunla bağlı hər hansı cinayət işi açmayıb və o, sərbəst buraxılıb. Qeyd edək ki, final matçında Vinçiçə yan xətt hakimləri qismində həmvətənləri Tomaş Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə iordaniyalı Adham Maxadme yerinə yetirəcək.