“Stremford Bridj”də “Çelsi” və “Nottingem Forest” arasında keçirilən qarşılaşma həm meydandakı nəticə, həm də yaşanan dəhşətli anlarla yadda qaldı. “Zadəganlar”ın 18 yaşlı istedadı Cessi Derri rəqiblə toqquşaraq huşunu itirib və təcili xəstəxanaya çatdırılıb.
Matçın gözlənilməz hadisəsi Cessi Derrinin “Çelsi”nin start heyətində yer alması idi. Meydanda fərqlənməyə çalışan yeganə oyunçu olan gənc ingilis üçün gecə faciəvi bitib. Birinci hissənin sonunda cərimə meydançasında hava mübarizəsi zamanı “Nottingem”in müdafiəçisi Zak Ebbott ilə toqquşan Derri ağır zərbə alaraq yerə yıxılıb.
Huşunu itirən futbolçuya ilk tibbi yardımı paramediklər göstərib. Uzun çəkən xilasetmə əməliyyatından sonra 18 yaşlı oyunçu xərəkdə meydandan çıxarılıb. Onun yerinə oyuna Liam Delap daxil olub. Hadisədən dərhal sonra “Çelsi”nin rəsmi açıqlamasında deyilir: “Cessi Derri hazırda xəstəxanadadır və huşu özündədir. Ona tezliklə sağalmağı arzulayırıq və tibbi personala operativ müdaxilə üçün təşəkkür edirik”.
“Nottingem Forest” 3:1 hesablı parlaq qələbə qazansa da, bu üç xal onların Premyer Liqa ilə vidalaşmasına mane ola bilməyəcək. “Çelsi” üçün isə kabus davam edir; ardıcıl 6-cı məğlubiyyətini alan “zadəganlar” turnir cədvəlində 9-cu pilləyə qədər geriləyiblər.
Ev sahibi azarkeşlər üçün gecənin yeganə işıq ucu Joao Pedronun vurduğu qol olub. Braziliyalı hücumçu matçın sonlarında akrobatik tullanışla (“qayçı” zərbəsi ilə) mövsümdəki 15-ci qoluna imza atıb. Lakin bu möhtəşəm qol “Çelsi”ni növbəti rüsvayçı məğlubiyyətdən xilas etməyə yetməyib.