DÇ-2026-nın 1/8 final mərhələsi dünya futbolunun əsas favoriti sayılan Braziliya millisi üçün faciə ilə başa çatıb. Erlinq Holandın liderlik etdiyi Norveç yığması “pentakampeonlar”ı turnirdən kənarlaşdıraraq böyük bir sensasiyaya imza atıb. Braziliya millisi sonuncu dəfə dünya çempionatlarında belə erkən – uzaq 1990-cı ildə vidalaşmışdı. 2002-ci ildən bəri 6-cı çempionluq həsrəti ilə yaşayan cənubi amerikalılar üçün bu məğlubiyyət həm də bir epoxanın sonu deməkdir.
Matçın 68-ci dəqiqəsində meydana daxil olan 34 yaşlı ulduz Neymar oyunun sonlarına doğru gərginliyini gizlədə bilməyib. Erlinq Holandın vurduğu ikinci qoldan sonra emosiyalarını cilovlaya bilməyən təcrübəli hücumçu rəqibin kapitanı Martin Edeqora tərəf qaçaraq onu çiyni ilə vurub və təxribata çəkməyə çalışıb. Meydandakı bu gərgin anlara Braziliya futbolunun 19 yaşlı gənc istedadı Endrik dərhal reaksiya verərək yaşlı komanda yoldaşını sakitləşdirməyə çalışıb.
Oyunun 100-cü dəqiqəsində Neymarın penaltidən vurduğu qol Braziliyanı xilasına bəs etməyib. Turnirlə vidalaşdıqdan dərhal sonra ulduz futbolçu milli karyerasını bitirdiyini elan edib. Onun vida sözləri hər kəsi duyğulandırıb: “Əlimdən gələni etdim, hər şeyi sınadım. Amma artıq hər şey bitdi. Mən burada başlamışdım, burada da bitirirəm”.
Neymar bu sözlərlə öz beynəlxalq debütünə eyham vurub. Belə ki, o, Braziliya millisində ilk oyununu 2010-cu ildə mhz bu qarşılaşmanın keçirildiyi “MetLife” stadionunda, ABŞ-a qarşı yoldaşlıq matçında etmişdi.