Mundialın üç təşkilatçısından biri olan ABŞ, doğma azarkeşləri önündə turnirə inamlı qələbə ilə qədəm qoydu. Bukmeykerlərin aşkar favorit saydığı “Yankilər”, 16 illik fasilədən sonra mundiala vəsiqə qazanan Paraqvayı böyük hesabla məğlub edti.
Qarşılıqlı hücumlarla başlayan matçda hesabı meydan sahibləri açdı. 7-ci dəqiqədə Kristian Pulişiçin cərimə meydançasına effektiv reydindən sonra paraqvaylı müdafiəçi Bobadilya topu öz qapısına göndərərək turnirin ilk avtoqoluna imza atdı.
Buraxılan qoldan sonra Paraqvay Ensisonun uzaq məsafədən zərbəsi ilə bərabərliyə yaxın olsa da, oyunun nəzarəti tamamilə amerikalıların əlinə keçdi. Pulişiçin sol cinahda yaratdığı təhlükələrin ardınca meydanda Florian Baloqun şousu başladı. “Monako”nun hücumçusu öncə ofsayddan qol vursa da, 31-ci dəqiqədə Pulişiçin ötürməsini dəqiq zərbə ilə qola çevirdi. İlk hissəyə əlavə olunmuş vaxtda isə Baloqun pressinqdən ustalıqla sıyrılaraq uzaq doqquzluğu nişan aldı və dublunu rəsmiləşdirdi.
İkinci hissədə ABŞ dominantlığını davam etdirdi.. Tillman bir neçə qol şansını boşa verdi.73-cü dəqiqədə Paraqvay Ensisonun ötürməsindən sonra Maurisionun qolu ilə ümidlənsə də, matçda son sözü amerikalılar dedi. 90+8-ci dəqiqədə Covanni Reyna ayağının kənarı ilə zərif zərbə vuraraq yekun hesabı müəyyənləşdirdi – 4:1.
Qarşılaşma futbol tarixinə keçən bir hadisə ilə də yadda qaldı. Baş hakim Denni Makkeli FİFA-nın yeni qaydasına əsasən monitora yaxınlaşıb, ABŞ müdafiəçisi Tim Rimə verdiyi sarı vərəqəni ləğv etdi və əvəzində simulyasiyaya görə paraqvaylı Almironu cəzalandırdı.
Yeri gəlmişkən, “SoFi” stadionunda keçirilən matçı tribunadan məşhur simalar – Devid Bekhem, Tom Kruz və Leonardo Di Kaprio da izləyib.
Dünya Çempionatı, final mərhələsi
D qrupu, I tur.
ABŞ – Paraqvay – 4:1
Qollar: Bobadilya, 7 (avtoqol), Balogun, 31, 45+5, Reyna, 90+8 – Maurisio, 73
Baş hakim: Denni Makkeli (Niderland)
Stadion: “SoFi Stedium” (Inqlvud)
ABŞ: Fris – E. Robinson, Rim, Riçards, Frimen – Adams, Tillmann (Reyna, 82) – Pulişiç (Berhalter, 46), Makkenni, Dest (Pepi, 62) – Balogun (Vea, 72).
Paraqvay: Gill – Alonso, Alderete, Q. Qomes, Kaseres (Velaskes, 80) – Almiron (Sosa, 80), Bobadilya (Maurisio, 46), Kubas, D. Qomes (Romero, 80) – Ensiso, Sanabriya (Arse, 62).
Xəbərdarlıqlar: Adams (59) – Kaseres (10), Almiron (53), Arse (88), Alonso (90+3)