Bakıda “Neftçi” səddini aşan “Turan-Tovuz” qələbə seriyasını uğurla davam etdirir. Qapısını toxunulmaz saxlayaraq növbəti üç xalını qazanan komandanın baş məşqçisi Kurban Berdiyev, oyundan sonra qələbəni şərh edib və turnir cədvəli ilə bağlı gözləntilərini bölüşüb.
Təcrübəli mütəxəssis komandadakı intizamın və qazanılan nəticənin əsas səbəbini belə izah edib: “Hər iki komanda maraqlı və baxımlı oyun nümayiş etdirdi. Qazandığımız üç xala görə çox şadam. Hesab edirəm ki, futbolçularım bu gün meydanda göstərdikləri əzmə görə bu qələbəyə tam layiq idilər”.
Komandanın turnir cədvəlindəki yüksəlişi və bürünc medal iddiaları barədə suala Berdiyev təmkinlə yanaşıb. O, əsas diqqəti nəticəyə deyil, hazırlıq prosesinə yönəltdiklərini vurğulayıb: “Mən əvvəllər də qeyd etmişəm: biz rəqibdən asılı olmayaraq hər oyuna ayrılıqda hazırlaşırıq. İstər kubok matçı olsun, istərsə də çempionat, fərqi yoxdur. Hazırda turnir cədvəlinə baxmırıq, mövsümün sonunda hər şey bəlli olacaq”.
“Turan-Tovuz”un son turlarda qapısını toxunulmaz saxlamasına gəlincə, Berdiyev müdafiədəki bəzi boşluqlara da toxunub: “Bunun xüsusi bir sirri olduğunu demək çətindir. Çünki qapımız qarşısında hələ də təhlükəli epizodlar yaranır. Əgər bu hallar olmasaydı, daha arxayın danışmaq olardı. Həmin epizodlar bizə göstərir ki, hələ üzərində işləməli olduğumuz çox məqam var”.
Sonda baş məşqçi hər iki turnirin komanda üçün eyni dərəcədə əhəmiyyətli olduğunu bildirib: “Bizim üçün turnirlər arasında seçim yoxdur. Nə kuboku çempionata, nə də çempionatı kuboka qurban vermək niyyətimiz var. Çıxdığımız hər bir qarşılaşma bizim üçün bərabər dərəcədə önəmlidir”.