Bu gün Avropa futbolu özünün ən gərgin və həlledici dövrünə qədəm qoyur. UEFA Çempionlar Liqasının yeni formatında artıq səhv etmək limiti tükənib. 7-ci tur sadəcə növbəti oyun günü deyil, elit səkkizliyə birbaşa vəsiqə qazanmaq istəyən nəhənglər üçün əsl “ya tamam, ya davam” sınağıdır.
Gecənin mərkəzi qarşılaşmasının “Cüzeppe Meatsa” stadionunda keçiriləcək “İnter” – “Arsenal” dueli olacağını söyləsək, yanılmarıq. Bu matç sadəcə iki klubun deyil, iki fərqli futbol fəlsəfəsinin toqquşmasıdır. Bu dueldən qalib ayrılan tərəf ilk 8-likdəki yerini faktiki olaraq sığortalayacaq. Əsas sual isə budur: Mikel Arteta və onun “topçuları” Londonun komfort zonasından kənarda, İtaliya intizamına qarşı duruş gətirə biləcəkmi?
“Real” – “Monako” qarşılaşmasında madrililər favorit sayılsa da, “Knyazlıq klubu” bu mövsüm “nəhəng qatili” imicini qazanıb. “Monako”nun dinamik və qorxusuz gəncləri Madriddə tarixi bir sensasiyaya imza atmaq üçün pusquda durublar. “Kral klubu” evində sürprizə icazə verəcəkmi, yoxsa təcrübə öz sözünü deyəcək?
“Bude Qlimt” – “Mançester Siti” matçında Pep Qvardiolanın “mükəmməl maşını” Norveçin sərt buzlaqları arasında ciddi sınağa çəkiləcək. Süni örtük, dondurucu soyuq və Norveç azarkeşlərinin səs-küylü təzyiqi “şəhərlilər” üçün texnikadan daha çox, xarakter və fiziki dözümlülük imtahanı olacaq. “Bude Qlimt” evində Avropa nəhənglərini “yıxmaq” ənənəsini davam etdirə biləcəkmi? Norveçdə gecənin ən gözlənilməz nəticəsinin qeydə alınacağı istisna olunmur.
“Tottenhem” – “Borussiya ” qarşılaşması, kağız üzərində günün ən “şıltaq” və proqnozlaşdırılması ən çətin oyunudur. Hər iki komanda romantik hücum futbolunu sevir, hər ikisinin müdafiəsində “saatlı bomba” var və hər ikisi gözlənilməz nəticələrə imza ata bilir.
19:30 Kayrat – Brügge
21:45 Bude Qlimt – Mançester Siti CBC Sport
00:00 İnter – Arsenal CBC Sport
00:00 Real Madrid – Monako CBC Sport
00:00 Tottenhem – Borussiya D
00:00 Sportinq – PSJ
00:00 Vilyarreal – Ayaks
00:00 Kopenhagen – Napoli00:00 Olimpiakos – Bayer