Superliqanın ikinci dövrəsinin başlamasına sayılı günlər qalmış, çempionluq yarışının iddialı komandası “Qalatasaray” heyətini gücləndirmək üçün hərəkətə keçib. “Sarı-qırmızılılar”ın əsas hədəfi yarımmüdafiə xəttini dünya səviyyəli ulduzla möhkəmləndirməkdir.
“Sabah” qəzetinin yaydığı məlumata görə, İstanbul nəhəngi PSJ-nin ispaniyalı ulduzu Fabian Ruisi transfer siyahısının ilk sırasına daxil edib. Manuel Uqarte, Kobbi Meynu, Rafael Onyedika və Pape Qeye kimi adlarla maraqlanan, lakin klubların 30-40 milyon avroluq tələbləri üzündən geri çəkilən “Qalatasaray”, indi bütün diqqətini Ruisə yönəldib.
Məlumata görə, “Qalatasaray” rəhbərliyi artıq PSJ-nin idman direktoru Luis Kampos ilə əlaqə saxlayaraq danışıqlara başlayıb. Türkiyə təmsilçisinin bu transfer üçün ödəmək istədiyi məbləğ tam 30 milyon avrodur.
Hələlik nə Fransız klubundan, nə də 30 yaşlı futbolçudan rəsmi cavab gəlməsə də, prosesin başladığı bildirilir.
Təcrübəli yarımmüdafiəçi cari mövsümdə 22 oyunda meydana çıxıb, 2 qol vurub və 3 asist edib.
Karyerası ərzində “Napoli”, “Betis” və “Elçe” kimi klublarda çıxış etmiş Ruis, həm oyun quruculuğu, həm də uzaq məsafədən zərbələri ilə tanınır.