DÇ-2026-nın seçmə mərhələsində start götürən milli komandamız aciz oyunu ilə İslandiyada acınacaqlı məğlubiyyətə uğradı. Millimiz zəif oyunu ilə rəqib qarşısında ciddi heç nə ilə yadda qalmadı və utancverici məğlubiyyətlə azarkeşlərini məyus etdi. Milli komandanın oyununa baxmaq, oyunçuların sərgilədiyi oyunu izləmək belə acınacaqlı idi. Avropanın heç də aparıcı millisi olmayan bir komandaya qarşı bu dərəcədə aciz və köməksiz oyun sözün əsl mənasında utancverici idi.
Görüşdən əvvəl AFFA-nın baş katibi “komanda qarşısında tələb qoymamışıq” deməklə millinin başlı-başına, tüfeyli bir komanda olduğuna mesaj vermişdi. Bu baxımdan yığma komandanın fiaskosu təəccüblü olmamalıdır. Milli komanda o dərəcədə aciz və köməksiz idi ki, İslandiya Fransanın vaxtilə millimizlə oyunda etdiyi 10 topluq rekord olsa təəccüblənməzdik. Bu baxımdan milli komandanın yenidən Fransa ilə qarşıdakı oyunu dəhşətli yuxu kimi görsənir.
DÇ-2026, seçmə mərhələsi, D qrupu
22:45. İSLANDİYA – AZƏRBAYCAN 5:0
Reykyavik. “Lauqardalsvöllur” stadionu.
Baş hakim: Sander van der Eyk (Niderland)
İslandiya: Elias Rafn Olafsson, Daniel Leo Qretarsson, Sverrir İnqason, Viktor Palsson (Pyarkason, 78), Mikael Ellertsson, Hakon Haraldsson, İsak Berqmann Yohannesson, Stefan Tordarsson (Villumsson, 69), Albert Qudmundsson (Hlynsson, 69), Yon Daqur Torsteinsson (M. Andersson, 69), Andri Qudyonsen (D. Qudyonsson, 69).
Azərbaycan: Məhəmmədəliyev, Daşdəmirov (T. Bayramov, 55), Bəhlul Mustafazadə, Elvin Bədəlov, (Cəlal Hüseynov, 62) Elvin Cəfərquliyev, Abbas Hüseynov (Qismət Alıyev, 72), Səbuhi Abdullazadə, İsmayıl İbrahimli (Kokçu, 55), Emin Mahmudov (A. Nuriyev, 62), Mahir Emreli, Nəriman Axundzadə
Qollar: Viktor Palsson, 45+2, İsak Berqmann Yohannesso, 47, 55. A. Qudmundsson, 67. Hlynsson, 73.