“Budo Qlimt”ın qapıçısı, hazırda Norveçin ən yaxşı qolkiperi sayılan Nikita Xaykin milli komanda məsələsində gözlənilməz problemlə üzləşib. Aprel ayında Norveç vətəndaşlığını alan 30 yaşlı qapıçıya FİFA Norveç yığmasında oynamağa icazə vermir.
Dörd ölkənin vətəndaşlığını daşıyan (İsrail, Böyük Britaniya, Rusiya və Norveç) təcrübəli əlcək sahibi, 2019-cu ildən bəri yaşadığı Norveçə qəlbən bağlı olduğunu hər fürsətdə dilə gətirib. Norveçli xanımla ailə quran və dili mükəmməl öyrənən Xaykinin milli arzusunun qarşısında isə iki ciddi sədd var: Rusiya gənclər yığmalarında (U-16 və U-21) keçirdiyi 5 rəsmi oyun və Norveçdəki yaşayış müddətinin FİFA limitlərinə hələlik cavab verməməsi.
NTB xəbər agentliyinin məlumatına görə, FİFA-nın imtinasına səbəb Xaykinin Norveçdəki yaşayış müddətinin federasiya qaydalarına görə hələlik “çox qısa” olmasıdır.
“Biz FİFA ilə dialoqumuzu davam etdiririk. Yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək,” — deyə Norveç Futbol Federasiyasının mətbuat katibi Ranqild Ask Konnel bildirib.
Norveç millisinin baş məşqçisi Stole Solbakken Xaykini 11 iyunda start götürəcək mundialda komandasının heyətində görmək istədiyini vurğulayıb. Solbakken Şimali Amerikada keçiriləcək turnir üçün geniş heyəti 11 mayda, yekun siyahını isə 1 iyunda açıqlamalıdır.
İndi bütün diqqətlər federasiyanın FİFA ilə apardığı danışıqların nəticəsinə və Xaykinin mundialda iştirak edib-etməyəcəyinə yönəlib.