Türkiyə Superliqasında 2025-26 mövsümünün sonuna bir tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray”da bayram sevinci ilə yanaşı, həm də ayrılıq kədəri yaşanır. Mövsüm sonunda komandadan ayrılacağı gözlənilən ulduz hücumçu Mauro İkardi, matçdan sonra baş verən duyğulu anlarla gecəyə damğa vurub.
Superliqanın 33-cü turunda öz meydanında “Antalyaspor”u 4-2 hesabı ilə məğlub edən “sarı-qırmızılılar” növbəti çempionluğunu elan edib. Final fitindən sonra stadionda qələbə sədaları yüksəlsə də, azarkeşlərin diqqəti bir nöqtəyə — mərkəzdə dayanan Mauro İkardiyə yönəlib.
Artıq ulduz futbolçunun simvoluna çevrilmiş “Aşkın Olayım” mahnısı tribuna sədaları ilə birləşəndə, argentinalı forvard emosiyalarını cilovlaya bilməyib. Tribunaların sevgi selinə göz yaşları ilə cavab verən İkardi, qələbə turu zamanı hönkürərək ağlayıb.
Azarkeşləri salamlayan və sahəni tərk etməkdə çətinlik çəkən İkardinin bu durumu sosial şəbəkələrdə sürətlə yayılıb. İdman ictimaiyyəti və azarkeşlər ulduz futbolçunun bu kədərini və vidalaşma jestini onun komandadan gedəcəyinə dair ən real təsdiq kimi qəbul ediblər.