Polşa millisinin kapitanı Robert Levandovskinin həyat yoldaşı Anna sosial şəbəkədəki son paylaşımı ulduz futbolçunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Annanın üzündə Kataloniya rəngləri və “Barselona” emblemi olan fotosunu paylaşması İspaniya mətbuatı tərəfindən “gələcəyə dair gizli mesaj” kimi yozulub.
İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri qeyd edir ki, 2022-ci ildən bu şəhərdə yaşayan Levandovski ailəsi üçün bu, sadə bir foto deyil: “Bu, ailənin “Barselona”nı doğma evi kimi qəbul etdiyini göstərən simvolik bir jestdir”.
Bu paylaşım “Barselona”nın “Osasuna” üzərindəki 2:1 hesablı qələbəsindən öncə edilib. Həmin oyunda Robert Levandovski qollardan birinin müəllifi olub. Klubun rəsmi səhifəsində paylaşılan qol sevincini Anna öz profilində iki ürək emojisi ilə paylaşaraq həyat yoldaşına dəstəyini nümayiş etdirib.
37 yaşlı forvardın kataloniyalılarla sözləşməsi başa çatmaq üzrədir. İspaniya mətbuatının iddiasına görə, rəhbərlik polşalı ulduza yeni müqavilə masaya yatırsa da, şərtlər əvvəlkindən kəskin şəkildə fərqlənir. Belə ki, “Barsa” Levandovskiyə həm məvacibinin ciddi şəkildə azaldılmasını, həm də rotasiya oyunçusu (ehtiyat hücumçu) statusu ilə razılaşmağı təklif edib.
Hazırda ulduz futbolçu üçün ən real namizəd İtaliya nəhəngi “Yuventus” hesab olunur. “La Stampa” qəzetinin məlumatına görə, futbolçunun agenti Pini Zahavi artıq “Yuventus”un baş direktoru Damian Komollini ilə görüşüb.
Levandovski “Yuventus” üçün maaşında fantastik endirimə gedir. İtaliya mətbuatının yaydığı məlumata görə, 37 yaşlı hücumçu Turin klubu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir. Polşalı forvardın illik 8 milyon avro (üstəgəl bonuslar) tələbi, onun hazırda “Barselona”da aldığı 26 milyon avroluq maaşla müqayisədə kifayət qədər təvazökar görünür.İtalyanlar transfer haqqı ödəməyəcək olsalar da, 37 yaşlı oyunçunun ümumi xərcləri hələ də müzakirə mövzusudur. Bundan əlavə, polşalı qolçunun adı “Çikaqo Fayr” (ABŞ), Səudiyyə Ərəbistanı klubları, həmçinin “Milan” və “Fənərbaxça” ilə də hallanır.