Bir həftə əvvəl Münhendə keçirilən ilk oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra, cavab qarşılaşması öncəsi “Barselona” mütləq favorit hesab olunurdu. Bir çox ekspert və azarkeşin rəyinə görə, Pere Romeunun rəhbərlik etdiyi kollektiv hazırda dünyanın ən güclü qadın komandasıdır.
Kataloniyalılar cavab matçında bu statusu bir daha təsdiqləyərək 4:2 hesablı inamlı qələbə qazandılar. Bu nəticə ilə “Barselona” möhtəşəm rekorda imza ataraq, ardıcıl altıncı dəfə Çempionlar Liqasının finalına vəsiqə qazandı!
“Göy-qırmızılar” indiyə qədər çıxdıqları finalların üçündə çempionluq sevinci yaşayıblar. Ötən mövsüm həlledici matçda “Arsenal”a 0:1 hesabı ilə uduzan kataloniyalılar, bu il revanş almağa hazır idilər. Lakin heyətin demək olar ki, eyni qalmasına baxmayaraq, “topçular” yarımfinalda turnirin rekordçusu (8 qat çempion) Lion “Olimpik”inə məğlub olaraq mübarizəni dayandırıblar.
Beləliklə, builki böyük finalda İspaniya və Fransa çempionları üz-üzə gələcək. Qitənin ən güclüsünü müəyyən edəcək həlledici qarşılaşma mayın 23-də, Oslonun “Ullevaal” stadionunda baş tutacaq.