AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqa və I Liqa oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub, müvafiq sanksiyalar tətbiq edilib.
Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ” – “Neftçi” qarşılaşmasında Ağdam təmsilçisinin azarkeşləri tərəfindən rəqib ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu, cari mövsümdə “Qarabağ” fanatlarının törətdiyi 5-ci analoji hal olduğu üçün klub 8000 manat məbləğində cərimə olunub.
İntizam Komitəsi digər qayda pozuntuları ilə bağlı da qərarlarını açıqlayıb. Eyni qarşılaşmada futbolçuların həddindən artıq sarı vərəqə alması (limitin aşılması) səbəbindən “Neftçi” 700 manat cərimələnib.
I Liqa təmsilçilərnə gəlincə, 24-cü tur çərçivəsində keçirilən oyunlarda “vərəqə limiti”ni aşan MOİK (“Şahdağ Qusar”la matçda) və “Zaqatala” (“ASTA Mingəçevir”lə matçda) klublarının hər biri 210 manat məbləğində cəriməyə məruz qalıblar.