Prezident İlham Əliyev Avropa çempionatında böyük uğurlara imza atmış güləş üzrə milli komandanın üzvlərini qəbul edib. Qitə yarışında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşdə dövlət başçısı beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb.
O, bununla bağlı bildirib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Prezident İlham Əliyev güləş üzrə Avropa çempionatında medalçılar arasında qızların olmasını xüsusi vurğulayıb: “Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir. Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir”.