Tiranada (Albaniya) keçirilən güləş üzrə Avropa çempionatında 59 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan 18 yaşlı Azərbaycan təmsilçisi Günay Qurbanova uğurlu çıxışını şərh edib.
Böyüklər arasında ilk ciddi sınağından medalla ayrılan gənc güləşçimiz, sevincini və gələcək hədəflərini bölüşü.
Qurbanova debüt turnirində bürünc qazanmağın qürurverici olduğunu bildirsə də, finalın bir addımlığında dayanmasından təəssüfləndiyini gizlətməyib: “Bu medal mənim üçün çox dəyərlidir, çünki böyüklər səviyyəsində ilk turnirim idi. Əlbəttə, hədəfim finala yüksəlib qızıl uğrunda mübarizə aparmaq idi, lakin təəssüf ki, alınmadı. Hesab edirəm ki, həlledici məqamda sadəcə təcrübəm çatmadı”.
Yarımfinaldakı məğlubiyyətini analiz edən Günay, rəqibinin gücünü də etiraf edib: “Yarımfinalda məğlub olduğum güləşçi turnirin qalibi oldu. Onun yerində mən olmaq istərdim. Bu, mənim üçün böyük bir dərsdir. İnanıram və söz verirəm ki, gələn il daha təcrübəli və güclü olacağam. Növbəti Avropa çempionatında nəticəni daha da yaxşılaşdırmağa çalışacağam”.