İspaniya və Misir yığmaları arasında keçirilən yoldaşlıq görüşü yaşıl meydanlardakı oyundan çox, tribunadakı xoşagəlməz hadisələrlə yadda qalıb. Matç zamanı bəzi ispan azarkeşlərin nümayiş etdirdiyi islamofobik davranışlar və təhqiredici şüarlar futbol ictimaiyyətində böyük reaksiyaya səbəb olub.
Qarşılaşmanın ilk hissəsində bir qrup azarkeşin Misir dövlət himnini fitə basması və İspaniyanın Baş naziri Pedro Sançesə qarşı təhqiramiz ifadələr işlətməsi gərginliyin əsasını qoyub. Lakin hadisələrin kulminasiya nöqtəsi tribunadan yüksələn “tullanmayan müsəlmandır” şüarları olub. Dini inancın hədəf alındığı bu irqçi tezahüratlar həm meydandakı oyunçuların, həm də dünya mediasının kəskin etirazı ilə qarşılanıb.
İspaniya millisinin gənc və parlayan ulduzu Lamin Yamal baş verənlərə qarşı səssizliyini pozaraq sosial media hesabından geniş bəyanat yayıb. Yamal öz kimliyini qürurla vurğulayaraq azarkeşlərə dözümlülük dərsi keçib: “Mən müsəlmanam, əlhəmdülillah. Dünən stadionda səslənən “tullanmayan müsəlmandır” sədalarını eşitdim. Bilirəm ki, bu, birbaşa mənə qarşı şəxsi hücum deyildi, lakin bir müsəlman kimi bu ifadələri hörmətsizlik və qəbuledilməz hesab edirəm”.
Yamal çıxışında dinin istehza obyektinə çevrilməsini sərt tənqid edərək sözlərinə belə davam edib: “Bütün azarkeşlərin eyni olmadığını bilirəm. Lakin bu cür şüarlar səsləndirənlərə səslənirəm: bir insanın dinini lağlağı mövzusuna çevirmək sizin nə qədər cahil və irqçi olduğunuzu göstərir”.
Bəyanatının sonunda futbolun birləşdirici gücünə toxunan gənc futbolçu, idmanın nifrət dili üçün platforma olmadığını xatırladıb: “Futbol əylənmək və dəstək olmaq üçündür; kim olduğunuzu və ya nəyə inandığınızı təhqir etmək üçün deyil”.
Lamin Yamalın bu cəsarətli çıxışı həm İspaniyada, həm də beynəlxalq arenada böyük rəğbətlə qarşılanıb və idmanda irqçiliyə qarşı mübarizədə mühüm mesaj kimi qiymətləndirilib.