DÇ-2026-nın 1/8 finalında İngiltərəyə 2:3 hesabı ilə uduzan Meksika millisi turnirlə vidalaşıb. Bu məğlubiyyət, eyni zamanda meydan sahiblərinin baş məşqçisi Xavyer Aqirrenin yığmadakı son oyunu olub. Dünyanın ən dramatik idman gecələrindən birində Norveç Braziliyanı (2:1) evə yola saldıqdan dərhal sonra, İngiltərə əfsanəvi “Atsdeka”da Meksikanı sıradan çıxararaq növbəti mərhələyə adlayıb.
Gərginliyin pik həddə olduğu matçda ingilislər Cud Bellinqemin cəmi iki dəqiqə ərzində vurduğu dublla önə keçsələr də, Meksika fasiləyə qədər fərqi minimuma endirməyi bacarıb. İkinci hissədə üstünlüyünü artıran “Dumanlı Albion” təmsilçiləri yekunda 3:2 hesablı qələbəni bayram ediblər.
Finall fitindən sonra rəsmən istefa verən Xavyer Aqirre məyusluğunu gizlətməyib və bu cür vidalaşmaq istəmədiyini bildirib: “Bu gecə bütün Meksika üçün çox ağır olacaq – həm soyunub-geyinmə otağında, həm də evlərdə heç kim yatmayacaq. Sözün bitdiyi yerdəyəm, emosiyalarım aşıb-daşır. Mənim üçün bu xəyal burada bitdi. Komandadan qarışıq hisslərlə ayrılıram; bir tərəfdən yaratdığımız bu böyük ailə ilə qürur duyur, görülən işdən zövq alıram, digər tərəfdən isə acı məğlubiyyəti həzm edə bilmirəm. Futbolçularımı heç nədə qınaya bilməm, onlar meydanda hər şeylərini qoydular. Uğur dediyimiz şey səhvlərlə döşənmiş bir yoldur, yıxıla-yıxıla zirvəyə ucalırsan. Həmvətənlərimlə qələbə ilə vidalaşmaq, hamını xoşbəxt etmək istərdim. Çox ağrılıdır… bəhanə axtarmıram, məğlubiyyət məğlubiyyətdir”.
Təcrübəli meksikalı mütəxəssis rəqibin baş məşqçisi Tomas Tuxelə və İngiltərə millisinə də müraciət edərək onlara uğurlar arzulayıb: “Ümid edirəm ki, turnirin qalan hissəsi onlar üçün uğurlu olar. Biz üç ciddi səhv etdik və bədəlini ağır ödədik. İngilislər isə demək olar ki, qüsursuz oynadılar”.