Rumıniyalı referi İştvan Kovaç dünya çempionatları tarixinə düşəcək. O, bazar günü keçiriləcək Yaponiya – Tunis qarşılaşmasını idarə edəcək. Bu görüşün əsas özəlliyi dünya çempionatları tarixinin yubiley – 1000-ci matçı olmasıdır.
Əfsanəvi italiyalı hakim, FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bu tarixi hadisə münasibətilə Kovaça qızılı zolaqları olan və arxasında adı yazılmış xüsusi forma hədiyyə edib. Təqdimat zamanı Kollina bu addımın səbəbini belə izah edib: “Bəlkə də çoxları bilmir, amma Yaponiya – Tunis matçı inanılmaz dərəcədə əhəmiyyətlidir, çünki bu, dünya çempionatları tarixinin 1000-ci oyunudur. Belə bir unikal qarşılaşmanı idarə etmək böyük hadisədir və bu matçın hakimi xüsusi diqqətə layiqdir. Gördüyünüz kimi, geyimin üzərindəki zolaqlar və qolundakı “Match № 1000″ yazısı qızılı rəngdədir”.
İştvan Kovaçın dünya çempionatlarında baş hakim kimi debütü olacaq. O, DÇ-2022-də də iştirak etsə də, cəmi 8 oyunda dördüncü hakim funksiyasını yerinə yetirib. Bununla belə, Kovaç unikal bir nailiyyətə sahibdir: o, Avropa futbolu tarixində hər üç klub turnirinin (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) finalını idarə etmiş yeganə referidir.