İsveçrənin Bil şəhərində keçirilən ənənəvi şahmat festivalında ölkəmizi təmsil edən Aydın Süleymanlı çıxışını davam etdirir.
Festivalın ən güclü qrupu olan «Masters» turnirində mübarizə aparan şahmatçımız klassik şahmat üzrə 4-cü turda türkiyəli Yağız Kaan Erdoğmuşla heç-heçə edib. Hazırda aktivində 2 xal olan Süleymanlı turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Təmsilçimiz daha əvvəl keçirilən Fişer şahmatı (Şahmat-960) və rapid yarışlarının hər ikisində də 2-ci yeri tutub. Xatırladaq ki, «Masters» qrupunda Aydın Süleymanlı ilə yanaşı, Levon Aronyan (ABŞ), Le Quanq Lyem (Vyetnam), Mattias Blübaum (Almaniya) və Xose Eduardo Martines Alkantara (Meksika) kimi güclü rəqiblər mübarizə aparır.