Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatı başa çatmaq üzrədir. 13 şahmatçı ilə təmsil olunduğumuz qitə birinciliyində bu gün 11-ci — sonuncu tur keçiriləcək. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan təmsilçilərimiz Azərbaycan şahmat tarixində yeni bir səhifə açmağa çox yaxındırlar.
Hazırda turnir cədvəlinə 8 xalla Nicat Abasov və Aydın Süleymanlı liderlik edir (müvafiq olaraq 1-ci və 2-ci yerlər). Eyni xala malik digər təmsilçimiz Məhəmməd Muradlı isə əlavə göstəricilərə görə 5-ci pillədə qərarlaşıb. Hər üç şahmatçımızın çempionluq şansı davam edir.
Sonuncu turda azarkeşləri dramatik mübarizə gözləyir. Püşk elə gətirib ki, iki həmyerlimiz — Aydın Süleymanlı və Məhəmməd Muradlı üz-üzə gələcək. Digər liderimiz Nicat Abasov isə rumıniyalı qrosmeyster Boqdan-Daniel Dyak ilə qarşılaşacaq.
Əgər şahmatçılarımızdan biri qızıl medal qazanarsa, bu, ölkəmizin kişi şahmatçıları arasında fərdi Avropa çempionatları tarixində ilk çempionluğu olacaq. Xatırladaq ki, indiyədək bu turnirdə ən yaxşı nəticəmiz 2005-ci ildə Teymur Rəcəbovun qazandığı gümüş medaldır.
Avropa çempionatı həm də Dünya Kubokuna vəsiqə qazanmaq baxımından strateji əhəmiyyət kəsb edir.