Premyer Liqanın 28-ci turunda “Qarabağ” üzərində qazanılan minimal hesablı qələbədən (1:0) sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb. Mütəxəssis komandasının fədakarlığını xüsusi qeyd edərək, bu qələbənin əhəmiyyətinə toxunub.
Qələbəni şərh edən litvalı mütəxəssis rəqibin gücünü etiraf edərək, futbolçularına təşəkkür edib: “Avrokubokların əsas mərhələsində çıxış etmiş çox güclü bir rəqibə qalib gəlmək olduqca çətin idi. Futbolçularıma böyük hörmətlə yanaşıram. İlk hissədə biz daha istəkli tərəf idik, fasilədən sonra isə komandamın göstərdiyi reaksiya məni heyran etdi. Oyunçularımız bütün boşluqları bağladılar, rəqib yadda qalan heç nə edə bilmədi. İkinci hissədəki performansımızı akademiyalarda və ya məşqçilik kurslarında nümunə kimi nümayiş etdirmək olar”.
“Qarabağ”ın hücum potensialını necə zərərsizləşdirdikləri barədə sualı cavablandıran Dambrauskas, uğurun taktiki detallardan daha çox mənəvi faktorlara bağlı olduğunu bildirib: “Taktika haqqında çox danışmaq olar, amma futbolçu ürəyini oyuna qoymursa, köklənmirsə, qaçmırsa, heç bir faydası olmayacaq. Ailələri və övladları onlarla qürur duyması üçün oynamalıdırlar. Komandamın işinə olan münasibəti qələbələrimizin açarıdır. Bəzən məşqlərimizdəki mübarizə oyunlardan daha gərgin keçir”.
Komandanın aparıcı üzvü Mikkelsin zədələnməsinə toxunan baş məşqçi, vəziyyətin ciddi ola biləcəyini qeyd edib: “Hazırda tibbi personalın rəyini gözləyirik. Görünən odur ki, ciddi zədədir, onu müayinə üçün xəstəxanaya aparıblar”.
Dambrauskas həmçinin Çempionlar Liqası ehtimalı və qarşıdakı Kubok matçı barədə də danışıb: “Hazırda Avropa barədə düşünmürük, fokusumuz növbəti oyunlardadır. Çərşənbə axşamı Kubokun yarımfinalında yenə eyni rəqiblə qarşılaşacağıq. Hər iki komanda final təcrübəsini yaşamaq istəyir, buna görə də maksimum gücümüzü qoymalıyıq”.
Matçda qırmızı vərəqə alan Abdulah Xaybulayev haqqında danışan məşqçi, gənc oyunçunu müdafiə edib: “Abdulah bizim üçün çox vacib oyunçudur. O, ehtiyac duyulduqda 100 yox, 110 faiz gücü ilə oynayır. Bəli, ikinci hissədə bizi azlıqda qoymaqla işimizi çətinləşdirdi, amma səhvlər və qırmızı vərəqələr futbolun bir parçasıdır. Biz oyunçularımızı günahlandırmır, onlara doğru yolu göstərməyə çalışırıq”.