Premyer Liqanın XXVIII turu “Turan-Tovuz” üçün sadəcə növbəti üç xal demək deyildi. “Araz-Naxçıvan” üzərində qazanılan inamlı qələbə (3:0) həm komandanın tarixinə yeni səhifələr yazdı, həm də statistik göstəricilərdə ciddi sıçrayışla yadda qaldı.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, bu nəticə Tovuz təmsilçisinin elitadakı 25-ci səfər qələbəsi olub. Qərb təmsilçisinin bu rəqəmə çatması üçün cəmi 69 oyun kifayət edib.
Bu nailiyyətlə “Turan-Tovuz” ölkə çempionatları tarixində səfərdə 25 və daha çox qələbə qazanan 20-ci komanda olub. Xatırladaq ki, komandanın Premyer Liqaya qayıdışından sonrakı ilk səfər uğuru 2022/23 mövsümündə “Səbail”lə oyuna (1:0) təsadüf etmişdi.
Naxçıvan təmsilçisi ilə görüşdə qazanılan nəticə həm də klubun elitadakı 10-cu böyükhesablı qələbəsi kimi tarixə düşüb. Maraqlıdır ki, tovuzlular rəqiblərini darmadağın etməyə səfər oyunlarında daha çox nail olublar: 10 böyükhesablı qələbədən 6-sı məhz rəqib meydanında, 4-ü isə evdə qazanılıb.
Klubun yüksək liqadakı debüt böyükhesablı qələbəsi 5 may 2023-cü ilə təsadüf edir. Həmin gün “Turan-Tovuz”doğma divarlar arasında “Neftçi”ni 4 cavabsız qolla məğlub etmişdi.