Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) növbəti mövsümdən etibarən ölkə çempionatının aşağı divizionlarında iştirakçı sayının artırılmasını planlaşdırır. Federasiyanın yeni strategiyasına əsasən, həm I, həm də II liqada rəqabəti gücləndirmək məqsədilə genişlənmə prosesinə start veriləcək.
Gözlənilən dəyişikliyə əsasən, I liqada mübarizə aparan kollektivlərin sayı hazırkı 10-dan 12-yə, II liqada isə 12-dən 14-ə çatdırılacaq. Lakin kəmiyyət artımı ilə yanaşı, keyfiyyət meyarları da ön planda tutulacaq. Belə ki, liqalara cəlb olunacaq yeni klublar üçün əsas şərtlərdən biri müvafiq infrastrukturun mövcudluğudur. Federasiya lisenziyalaşdırma prosesində klubların maddi-texniki bazasını və stadion vəziyyətini ciddi şəkildə nəzərə alacaq.