Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın ikinci günündə bütün diqqətlər Azərbaycan millisinin lideri, dünya və Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) üzərinə yönəlib.
Karyerasında 6-cı dəfə qitə birinciliyinin finalına yüksələn 4 qat Avropa çempionu, Tbilisidə keçirdiyi bütün görüşlərdə mütləq üstünlüyünü nümayiş etdirib. lk mərhələdə yunanıstanlı Konstantinos Tsaparası məğlub edərək turnirə inamlı başlayıb. 1/8 finalda Kosovo təmsilçisi Dardan Tsenanı, növbəti qarşılaşmada isə fransalı rəqibi Dayyan Bulemtafesi yarışdan kənarlaşdırıb. Yarımfinalda türkiyəli Bilal Ciloğlu ilə gərgin mübarizədən qalib ayrılaraq finala vəsiqə qazanıb.
Qızıl medal uğrunda həlledici qarşılaşmada Hidayət Heydərovu çətin sınaq gözləyir. Onun rəqibi meydan sahibi, 2012-ci il London Olimpiadasının çempionu, təcrübəli gürcü cüdoçu Laşa Şavdatuaşvili olacaq. Bu görüş günün ən maraqlı və prinsipial dueli hesab olunur.
Xatırladaq ki, çempionatın ilk günlərində Azərbaycan yığması artıq iki medal qazanıb. Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq komandamızın aktivinə bürünc medalları yazdırıblar.İndi isə bütün idman ictimaiyyəti Hidayətdən növbəti tarixi zəfəri və Azərbaycan himnini Tbilisidə səsləndirməsini gözləyir.