Səudiyyə Ərəbistanı Pro Liqasının 33-cü turu çərçivəsində keçirilən “Əl-Şabab” – “Əl-Nəsr” matçı (2:4) ulduz futbolçu Kriştiano Ronaldonun hərəkəti ilə yadda qalıb.
Matçın ikinci hissəsində meydan sahibi komandanın azarkeşləri portuqaliyalı hücumçunu qıcıqlandırmaq üçün ardıcıl olaraq “Messi!” şüarları səsləndirməyə başlayıblar. Ronaldo əvvəlcə tribunaların bu hərəkətinə ironiya ilə yanaşaraq onlara “dirijorluq” edib və rəqs edərək ritm tutub. Daha sonra isə azarkeşlərə “baş barmaq” işarəsi göstərən ulduz futbolçu, tribuna tərəfə dönərək qeyri-etik jestlə yadda qalıb.
Lakin təcrübəli forvard azarkeşlərin təzyiqinə ən yaxşı cavabı yaşıl meydanda verib. Sözügedən insidentdən qısa müddət sonra Ronaldo, komanda yoldaşı Sadiyo Manenin ötürməsini qola çevirərək komandasının qələbəsində mühüm rol oynayıb.