Premyer Liqanın mərkəzi qarşılaşmaları öncəsi “Neftçi” nin azarkeşləri sevindirəcək xüsusi aksiya və təhlükəsizlik qaydalarını elan edib. Paytaxt təmsilçisi “Qarabağ”la keçiriləcək ardıcıl iki ev oyunu üçün bilet satışına start verib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, “ağ-qaralar” 29-cu tur çərçivəsində (26 aprel, saat 19:00) və 21-ci turdan təxirə salınmış matçda (30 aprel, saat 20:00) Ağdam kollektivini qəbul edəcək. Azarkeşlər üçün ən böyük sürpriz isə bilet aksiyasıdır: bir bilet almaqla hər iki qarşılaşmanı izləmək mümkün olacaq.
Biletlərin qiyməti tək oyun üçün sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edir. Hər iki qarşılaşmanı əhatə edən xüsusi paket biletlərin qiyməti isə müvafiq olaraq 3, 5, 8, 27 və 36 manat arasında dəyişir.
Hər iki matça giriş imkanı verən paket biletlərini yalnız onlayn qaydada – klubun rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tək oyunluq biletlər isə matç günü stadionun kassalarında da satışda olacaq.
Hər iki qarşılaşma “Palms Sports Arena”da baş tutacaq. Oyuna olan böyük marağı nəzərə alan “Neftçi” rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirib. Qonaq fanatlar üçün stadionun “Qərb 2” sektoru ayrılıb. Onlar biletləri oyun günü məhz özləri üçün ayrılmış xüsusi kassadan ala bilərlər. Təhlükəsizlik mülahizələrinə əsasən, “Qarabağ”ın forması, şərf və ya digər atributlarını daşıyan şəxslərin “Neftçi” azarkeşləri üçün nəzərdə tutulmuş sektorlara girişi qadağan ediləcək.Bu addımlar azarkeşlər arasında yarana biləcək hər hansı xoşagəlməz halın qarşısını almaq və idman bayramı ab-havasını qorumaq məqsədi daşıyır.