Artıq hər şey rəsmiləşdi: Bernardo Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılır. Uzun müddətdir gözlənilən bu qərar həm klub, həm də futbolçu tərəfindən rəsmən təsdiqlənib. “Şəhərlilər” öz “X” (keçmiş Twitter) hesabında portuqaliyalı ulduzun bu yay komandanı tərk edəcəyini elan edib.
Təcrübəli yarımmüdafiəçi “Instagram” hesabı vasitəsilə azarkeşlərə ünvanlandığı vida mesajında duyğularını belə ifadə edib: “Doqquz il əvvəl bura böyük uğurlar qazanmaq istəyən bir gənc kimi gəlmişdim. Bu şəhər və bu klub mənə xəyal etdiyimdən də artığını verdi. Birlikdə qazandığımız uğurlar və qaldırdığımız kuboklar qəlbimdə silinməz izlər qoyacaq əsl mirasdır”.
Bernardo Silva “Etihad”da keçirdiyi 9 mövsüm ərzində “Mançester Siti”nin qızıl dövrünün əsas memarlarından birinə çevrilib. Bu müddət ərzində meydana çıxdığı 451 rəsmi matçda 76 qola imza atan portuqaliyalı yarımmüdafiəçi, “şəhərlilər”lə birlikdə 19 titul qazanıb. Onun zəngin kolleksiyasında 6 Premyer Liqa çempionluğu ilə yanaşı, klubun tarixinə qızıl hərflərlə yazılan 2023-cü ilin Çempionlar Liqası zəfəri xüsusi yer tutur.
Cari mövsümdə onun kolleksiyasına daha bir İngiltərə Kuboku və Premyer Liqa titulu əlavə etmək şansı hələ də qalır. Silva, şübhəsiz ki, klub tarixinin ən parlaq əfsanələrindən biri kimi yaddaşlarda qalacaq.
Hazırda ulduz futbolçunun xidmətində ən maraqlı tərəf İtaliya nəhəngi “Yuventus” hesab olunur. Bununla belə, mətbuatda “Barselona”, PSJ, həmçinin futbolçunun yetirməsi olduğu “Benfika” və “Qalatasaray”ın da onun transferidə maraqlı olduğu bildirilir.