Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib. Turnirin bu mərhələsində gecənin əsas hadisəsi həm tarixə düşən rekord qol, həm də “Şaxtyor”un gözlənilməz məğlubiyyəti olub. Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi ilə İngiltərənin “Kristal Pelas” klubu arasındakı qarşılaşma, start fiti ilə eyni anda yaşanan tarixi rekordla yadda qalıb.
Qonaqlar oyunun hələ 21-ci saniyəsində hesabı açaraq Konfrans Liqası tarixinin ən erkən qoluna imza atıblar. Sağ cinahdan cərimə meydançasına daxil olan Sarr dəqiq zərbə ilə “qartallar”ı önə keçirib.
İlk hissədə “mədənçilər” topa daha çox sahib olsalar da, rəqib qapısı qarşısında kəsərli ola bilməyiblər. Komandanın 7 cəhdindən heç biri çərçivəyə düşməyib. İkinci hissənin startında “Şaxtyor” künc zərbəsindən sonra Oçeretkonun qolu ilə tarazlığı bərpa etsə də, sevincləri uzun sürməyib.
“Kristal Pelas”ın ardıcıl hücumlarında qapıçı Riznik seyvləri ilə komandasını oyunda saxlasa da, Kamada və Larsenin qolları matçın taleyini həll edib. Bu nəticədən sonra Arda Turanın yetirmələri üçün İngiltərədəki cavab matçı olduqca çətin görünür.
Gecənin digər qarşılaşmasında “Rayo Valyekano” “Strasbur”u qəbul edib. Ehtiyatlı oyun və taktiki mübarizə ilə keçən ilk hissədə tərəflər bir dəfə də olsun çərçivəyə zərbə endirə bilməyiblər.
Matçın taleyini həll edən yeganə qol 54-cü dəqiqədə vurulub. Künc zərbəsindən ötürülən topu Juravski başla qapının uzaq küncünə göndərib. Qalan dəqiqələrdə fransızların kreativlik çatışmazlığı və ispanların intizamlı pressinqi hesabın dəyişməsinə imkan verməyib. Minimal hesablı qələbə qazanan “Rayo” üstünlüyünü qorusa da, finalçının adı Fransada keçiriləcək cavab görüşündə bəlli olacaq.
Konfrans Liqası, 1/2 final (ilk oyunlar)
“Şaxtyor” (Ukrayna) – “Kristal Pelas” (İngiltərə) 1:3
Qollar: Oçeretko, 47 — Sarr, 1. Kamada, 58. Larsen, 85.
“Rayo Valyekano” (İspaniya) – “Strasbur” (Fransa) 1:0
Qol: Juravski, 54.
Hər iki cütün cavab qarşılaşmaları mayın 7-də keçiriləcək.