“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqada qalmaq uğrunda “Mingəçevir”ə qarşı keçirəcəkləri pley-off matçı ilə bağlı fikirlərini bölüşüb.
Rəqibə hörmətlə yanaşdıqlarını vurğulayan təcrübəli mütəxəssis qarşılaşmanın əhəmiyyətini xüsusi qeyd edib: “Mingəçevir” I Liqanın son turunda birbaşa rəqibi olan “Səbail”i 4:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazandı. Bu, kifayət qədər döyüşkən və təcrübəli məşqçisi olan komandadır. Bizi çətin sınaq gözləyir. Mahiyyət etibarilə bu oyun bizim üçün finala bərabərdir. Rəqib aşağı liqadan gəlsə də, onlara böyük hörmətlə yanaşırıq və matça çox ciddi hazırlaşırıq. Həm bizim, həm də rəqib üçün həyati əhəmiyyət kəsb edən bir oyundur. Əsas hədəfimiz meydana fiziki cəhətdən tam hazır çıxmaqdır. Rəqibin güclü tərəflərini neytrallaşdırıb, öz üstünlüklərimizdən maksimum yararlanmağa çalışacağıq”.