Kriştiano Ronaldonun böyük oğlu Portuqaliyanın U-16 millisinin heyətində uğurlu çıxışını davam etdirir. Gənc istedad UEFA İnkişaf Turniri çərçivəsində Yunanıstanla keçirilən görüşdə iki dəfə fərqlənərək komandasının 3:0 hesablı qələbəsində həlledici rol oynayıb.
Portuqaliyanın Braqansa şəhərində keçirilən və İtaliya ilə Çexiya yığmalarının da mübarizə apardığı turnirdə meydan sahibləri inamlı oyun nümayiş etdiriblər.
Qeyd edək ki, bu, gənc futbolçunun milli komanda səviyyəsində ilk parlaq performansı deyil. O, ötən il Portuqaliyanın U-16 komandası ilə “Alqarve” Beynəlxalq Turnirinin və Türkiyədə keçirilən Federasiya Kubokunun qalibi olub.
Hazırda atasının çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında yetişən vinger, daha əvvəl “Yuventus” və “Mançester Yunayted” kimi Avropa nəhənglərinin aşağı yaş qruplarında təcrübə toplayıb.