Premyer Liqanın 33-cü turunda “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” cari mövsümü qələbə ilə arxada qoyub. Matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Kaxaber Tsxadadze komandasının çıxışını dəyərləndirib və pley-off mərhələsi öncəsi planlarından danışıb.
Qələbə münasibətilə komandasını təbrik edən gürcü mütəxəssis, turnir cədvəlindəki mövqeyin dəyişməzliyinə baxmayaraq, görüşün psixoloji baxımdan əhəmiyyətli olduğunu vurğulayıb: “Bu, çempionatın son oyunu idi. Nəticənin cədvələ təsir etməməsinə baxmayaraq, qarşılaşma bizim üçün prinsipial xarakter daşıyırdı. Futbolçularla söhbətimizdə əsas məqsədimizin azarkeşlərimizi sevindirmək olduğunu qeyd etmişdik. Onlara göstərdikləri dəstəyə görə xüsusi təşəkkür edirəm – matç boyu bizi bir an olsun tək qoymadılar. Meydanda nümayiş etdirdiyimiz oyun və vurduğumuz gözəl qollar məni çox sevindirdi. Mövsümün son mərhələsində qazandığımız qələbələr komandada özünəinamı əhəmiyyətli dərəcədə yüksəldib”.
“Şamaxı”nın heyətindəki itkilərə toxunan baş məşqçi, rəqib amilindən daha çox öz komandasının hazırlığına fokuslandığını bildirib: “Rəqib heyətində bəzi aparıcı oyunçuların olmaması məlum idi, lakin bizim üçün vacib olan rəqibin kimliyi yox, öz oyun fəlsəfəmizi ortaya qoymaq idi. İndi əsas vəzifəmiz pley-off matçına optimal formada hazırlaşmaqdır. Önümüzdə kifayət qədər vaxt var. Rəqibimizin adına sabah aydınlıq gələcək və dərhal məqsədyönlü hazırlıqlara start verəcəyik”.
Pley-offdakı potensial rəqibləri – “Səbail” və Mingəçevir təmsilçisi “Energetik”in taktiki xüsusiyyətlərinə toxunan Tsxadadze, rəqib analizinə ciddi önəm verdiklərini qeyd edib: ” ‘Səbail’in üç mərkəz müdafiəçisi ilə oynadığını, Mingəçevir komandasının isə dəyişkən taktiki sxemlərə üstünlük verdiyini bilirik. Hər iki rəqibin oyun üslubuna hazırıq. Sabah Mingəçevirdə keçiriləcək görüşə gedərək, rəqibləri canlı izləməyi və lazımi məlumatları toplamağı planlaşdırıram”.