FIFA dünya çempionatı ərəfəsində futbol qaydalarında köklü dəyişikliklərə hazırlaşır. Əvvəllər cəzasız qalan və ya yüngül xəbərdarlıqla ötüşən bəzi hərəkətlərə görə artıq futbolçular birbaşa meydandan qovulacaq. Futbol ictimaiyyətində böyük rezonans doğuran bu yeni sanksiyalar artıq indidən qızğın müzakirələrə yol açıb.
Gözlənilir ki, FIFA prezidenti Canni İnfantino bu inqilabi dəyişiklikləri gələn cümə axşamı Kanadanın Vankuver şəhərində keçiriləcək konqresdə rəsmən açıqlayacaq. Yeni qaydalar qarşıdakı dünya çempionatından etibarən qüvvəyə minəcək. Əsas hədəf qeyri-idman hərəkətlərinin qarşısını almaq və hakim nüfuzuna qarşı açıq etirazları minimuma endirməkdir.
“The Times”ın yaydığı eksklüziv məlumata görə, FIFA iki kritik qayda dəyişikliyi üzərində fokuslanıb. Birincisi, hakimin qərarına etiraz olaraq meydanı özbaşına tərk edən futbolçular dərhal qırmızı vərəqə ilə cəzalandırılacaq. İkincisi isə, oyun zamanı hakim və ya rəqiblə ünsiyyət qurarkən ağzını forması ilə gizlətmək qəti qadağan ediləcək. Bu hərəkətə yol verən oyunçular birbaşa meydandan qovulacaq.
Bu addım, meydanda emosiya fonunda işlədilən, lakin kameralardan gizlədilən təhqirlərin qarşısını almaq məqsədi daşıyır. Bu yaxınlarda Vinisius Junior və Canluka Prestianni arasında baş verən qalmaqal bu qərarın katalizatoru olub. “Benfika” oyunçusu Prestianninin ağzını bağlayaraq “Real”ın ulduzuna qarşı təhqiramiz ifadələr işlətməsi ona 6 oyunluq ağır diskvalifikasiya bahasına başa gəlmişdi.
Meydanın etiraz məqsədilə tərk edilməsinə qoyulan sərt qadağa isə yanvar ayında Afrika Millətlər Kubokunun finalında yaşanan xaosun birbaşa nəticəsidir. Xatırladaq ki, Seneqal millisi Mərakeşin xeyrinə təyin olunan penalti qərarına etiraz olaraq meydanı tərk etmişdi. Nəticədə Afrika Futbol Konfederasiyası (CAF) oyunu “texniki məğlubiyyət” kimi qiymətləndirərək kuboku Mərakeşə vermişdi. İşin İdman Arbitraj Məhkəməsinə (CAS) qədər uzanması FIFA-nı hərəkətə keçməyə məcbur edib. Ali futbol qurumu ən mötəbər turnirdə oxşar rüsvayçılıqların təkrarlanmaması üçün bütün boşluqları doldurmağa çalışır.