Mark-Andre ter Ştegenin “Jirona”ya icarəyə yollanması sadəcə sıradan bir transfer deyil. Bu, “Barselona”nın öz əfsanələri ilə nə qədər soyuqqanlı şəkildə vidalaşdığının növbəti dramatik sübutudur.
İllərlə “Barsa”nı təkbaşına böhranlardan çıxaran, meydana çıxdığı 423 matçın 176-da qapısını toxunulmaz saxlayan bir qəhrəman üçün Transfermarkt-ın təyin etdiyi qiymət cəmi 7 milyon avrodur. 33 yaşlı qolkiper üçün bu rəqəm futbol bazarının amansız hökmüdür.
Fabrisio Romanonun verdiyi xəbərə görə, tərəflər artıq tam razılığa gəliblər. Hadisənin ən sarsıdıcı tərəfi isə odur ki, Ter Ştegen ehtiyat skamyasında “çürüməmək” üçün illik cəmi 1 milyon avro maaşa razı olub.
Prezident Joan Laportanın “Mark-Andre burada xoşbəxtdirsə, qala bilər” sözləri, aylardır zədə və klub siyasəti (Xoan Qarsiya amili) səbəbindən formadan uzaq qalan kapitana ünvanlanmış gizli bir istehzadır. Bu, “artıq bizə lazım deyilsən” deməyin ən “nəzakətli” və ən ağrılı yoludur.
“Vest Hem”in təklifini ailəsinin rahatlığı üçün geri çevirən alman qolkiper, Barselonadan cəmi bir saatlıq məsafədə yerləşən “Jirona”nı seçdi. Bu seçim onun on ildən artıq vaxt keçirdiyi regiona olan dərin bağlılığının son nişanəsidir.
Müasir “Barselona” artıq Xavi, İnyesta və Puyolu ehtiramla yola salan o doğma klub deyil. İndiki “Barsa” maliyyə xaosu, “iqtisadi rıçaqlar” və kreativ mühasibatlıq oyunlarının mərkəzidir.
Bir neçə ildən sonra bəlkə də hər kəs almanın bir vaxtlar dünyanın ən yaxşısı olduğunu unudacaq. Çünki müasir futbolda nə keçmiş uğurlar, nə də sadiqlik heç nəyə zəmanət vermir. “Kamp Nou”da keçən 11 ildən geriyə qalan tək şey isə sadəcə 7 milyon avroluq bir “etiket”dir.