“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin ötən mövsüm Çempionlar Liqasında “Mançester Yunayted” qapısına vurduğu qoldan sonra yaşadığı sevinc kluba hüquqi problem yaradıb. Tanınmış fotoqraf Tolqa Ovalı, ulduz futbolçunun həmin anını əks etdirən fotonun ona məxsus olduğunu bildirərək məhkəməyə müraciət edib.
Fotoqrafın iddiasına görə, “sarı-qırmızılılar”ın rəhbərliyi onun icazəsi olmadan bu görüntüdən kommersiya məqsədilə istifadə edib. Belə ki, həmin fotoşəkil klub tərəfindən futbolka, açarlıq və azarkeş kartlarının üzərində çap olunaraq satışa çıxarılıb.
Müəllif hüquqlarının pozulduğunu və ona maddi ziyan dəydiyini iddia edən Ovalı, İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsində 500 000 türk lirəsi məbləğində təzminat davası açıb. Məhkəmə prosesinin yaxın günlərdə başlayacağı gözlənilir.