Premyer Liqanın V turunda səfərdə “Kəpəz”ə məğlub olan “Qəbələ”nin məşqçisi Amil Ağacanov oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Qırmızı-qaralar”ın mütəxəssisi məğlubiyyətə baxmayaraq, Gəncədəki futbol mühitini yüksək qiymətləndirib və komandasının oyununu təhlil edib: “Stadionda həqiqətən də möhtəşəm futbol atmosferi var idi. Məhz belə dolu tribunalar və azarkeş coşğusu sayəsində ölkə futbolu inkişaf edə bilər.
Oyuna gəldikdə isə, ilk hissədə daha üstün tərəf idik, topa nəzarəti əlimizdə saxlayırdıq. İkinci yarıda isə sadə top itkilərimiz çoxaldı. Buna baxmayaraq, futbolçuların meydandakı ümumi mübarizəsindən narazı qalmadıq”.
Amil Ağacanov rəqibin daha həvəsli oynadığını vurğulayıb və transfer mövzusuna da toxunub: “Rəqib bu gün qələbəni bizdən daha çox istədi və nəticədə istədiyinə nail oldu. Təəssüf ki, bizi dəstəkləyən azarkeşlərimizi sevindirə bilmədik. Bu gün uğur qazanmaq üçün komandaya xarakter və qələbə əzmi çatmadı. Transfer pəncərəsi rəsmən bağlansa da, sərbəst agent statusunda olan yeni futbolçuları heyətə cəlb etmək imkanımız hələ də qalır”.