Lionel Messi və Lamin Yamalın illər əvvəl çəkilmiş arxiv fotosu Şimali Amerikada keçiriləcək Dünya Çempionatının finalı ərəfəsində yenidən diqqət mərkəzinə düşüb.
İllər öncə fotoqraf Joan Monfortun “Barselona”nın o vaxtkı gənc istedadı Lionel Messi ilə körpə Lamin Yamalı bir araya gətirdiyi fotosessiya bu gün futbol tarixinin ən maraqlı təsadüflərindən biri kimi qiymətləndirilir. Messinin körpə Yamalı çimizdirdiyi kadrlar sosial şəbəkələrdə “əfsanənin varisə ötürdüyü tac” kimi şərh olunur.
Fotoya münasibət bildirən Lionel Messi baş verənləri “əsl dəlilik” adlandırıb: “Lamin hazırda dünyanın ən yaxşı oyunçularından biridir və mən ona gələcək karyerasında uğurlar arzulayıram”.
Foto müəllifi Joan Monfort isə hadisənin mistik tərəfinə diqqət çəkir: “Heç vaxt taleyin yazıldığına inanmamışam, lakin bu hadisə məni şübhəyə salır. Bu, məntiqi izahı olmayan möcüzədir”.
Qeyd edək ki, sözügedən fotolar Argentina və İspaniya millilərinin final qarşıdurması ərəfəsində iki nəslin futbol simvollarını birləşdirən mühüm bir elementə çevrilib.