Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsində Paraqvayla keçiriləcək oyun öncəsi mətbuat konfransında tənqidlərə sərt cavab verib. San-Fransiskodakı “Bay Area” stadionunda baş tutan konfransda 52 yaşlı italyan mütəxəssis komandadakı atmosfer, tənqidlər və rəqib barədə danışıb.
Avstraliya ilə ilk oyundakı məğlubiyyətdən sonra gələn tənqidlərin həddindən artıq sərt olduğunu bildirən Montella komandanı qorumağa çalışıb: “Daha yaxşı oynamalı olduğumuzu bilirəm, amma bir həqiqəti də vurğulamalıyam: mən özümü bu xaosu yaradan və onu bəsləyən bir çox insandan daha çox türk hiss edirəm! Mənimki mətbuat otaqlarında sadəcə bəlağətli sözlər demək deyil. Bəziləri qəsdən qarışıqlıq yaratmaq istəyir. Yaşıma görə bu tənqidlər mənə təsir etmir, amma 20 yaşlı gənc futbolçularımı incidirlər. Bu komanda son 3 ildə böyük uğurlara imza atıb və daha çox hörmətə layiqdir. Bir məğlubiyyətə görə hər şeyi alt-üst etmək olmaz”.
Növbəti rəqibləri olan Paraqvay millisini analiz edən baş məşqçi komandanın güclü tərəflərini qeyd edib: “Paraqvay fiziki cəhətdən çox güclü, emosional və xarakterli komandadır. Seçmə mərhələdə Braziliya ilə eyni xal topladıblar. Onların çox xarizmatik və qol vurmağı bacaran hücumçuları var. Rəqibə böyük hörmətlə yanaşırıq. İlk oyuna görə heç bir futbolçunu cəzalandırmadıq. Heyətdə dəyişiklik olarsa, bu, yalnız növbəti matçın taktikası və strategiyası ilə bağlı olacaq”.
Montella ilk oyunda çoxlu qol epizodu yaratdıqlarını, lakin son zərbələrdə dəqiqliyin çatışmadığını vurğulayıb: “Avstraliya ilə oyunda 30-a yaxın qol vəziyyəti yaratdıq. Rəqib 10 nəfərlə müdafiə olunanda bunu yarmaq çətindir, uzaqdan zərbələr endirməli idik, lakin bunu daha keyfiyyətli edə bilərdik. Arizona düşərgəsində isə resurslar yaxşı olsa da, dəhşətli səhradır istisində demək olar ki, “qovrulurduq”. San-Fransiskonun sərin iqlimi bizə müsbət təsir etdi”.
Türk xalqının emosionallığına toxunan Montella, hər iki halda balansı qorumağın vacibliyini qeyd edib: “Tarixi uğurlar qazananda da özümü göylərlə aparmıram. Vəzifəm həm yaxşı, həm də pis gündə balansı qorumaqdır. Əgər sabah Paraqvayı məğlub etsək, hamı yenə “biz dünya çempionu olmalıyıq” deməyə başlayacaq, buna əminəm. Bu, türk xalqının xarakteridir”.
Ötən gün 52 yaşı tamam olan mütəxəssis futbolçularından yeganə hədiyyə gözlədiyini gizlətməyib: “Ötən il Avropa çempionatının açılışında futbolçularım mənə qələbə hədiyyə etmişdi. Ümid edirəm ki, sabahkı matçda da onlardan ən gözəl ad günü hədiyyəsini – qələbəni alacağam. Türkiyədəki hər kəsi sevindirmək və qürurlandırmaq üçün əlimizdə olan bütün enerji və resurslardan istifadə edəcəyik”.