“Atletiko”in canlı əfsanəsi Antuan Qrizmann Madrid klubundakı karyerasını möhtəşəm və emosional sonluqla nöqtələyib. 35 yaşlı fransalı hücumçu “hindular”ın heyətində yubiley – 500-cü və sonuncu matçına çıxıb. “Jirona”ya qarşı keçirilən gərgin qarşılaşmada “Atletiko” 1:0 hesablı vacib qələbə qazanıb. Oyundakı yeganə qolun assistini olan Qrizmann, həm də bu klubunun heyətində özünün 100-cü məhsuldar ötürməsinə imza ataraq adını tarixə qızıl hərflərlə yazdırıb.
Qarşılaşmadan sonra fransız ulduz üçün təşkil olunan birsaatlıq vida mərasimi olduqca emosional anlarla yadda qalıb. Qrizmann çıxışı zamanı 2019-cu ildə “Barselona”ya keçidi ilə bağlı azarkeşlərdən yenidən üzr istəyib: “Burada mənə qarşı necə böyük bir sevginin olduğunu o vaxt dərk etmirdim. Çox gənc idim və böyük bir səhv etdim. Səhvimi anladıqdan sonra geri qayıtmaq və burada yenidən xoşbəxt olmaq üçün əlimizdən gələni etdik. Hər kəsdən bir daha üzr istəyirəm”.
Vida gecəsində azarkeşlərin, komanda yoldaşlarının və baş məşqçi Dieqo Simeonun onun unvanına təriflərin qarşısında Qrizmann göz yaşlarını saxlaya bilməyib. Çıxışı zamanı emosiyalarını gizlədə bilməyən Dieqo Simeone hücumçu haqqında bu sözləri deyib: “Hər kəs tərəfindən sevilmək olduqca çətindir, amma səni burada hər kəs sevir”.
Tədbirdə klubun Fernando Torres, Dieqo Qodin və Qabi kimi əfsanəvi simaları da iştirak edərək fransalı futbolçuya öz minnətdarlıqlarını bildiriblər.
“Atletiko” forması 10 mövsüm keçirən və klubun tarixinə düşən Qrizmann, növbəti mövsümdən etibarən karyerasını ABŞ-da (MLS) “Orlando Siti” klubunda davam etdirəcək.