Misli Premyer Liqasının 32-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib. Litvalı mütəxəssis Azərbaycan Kubokunun finalındakı gərgin “Zirə” qələbəsindən (2:1) sonra komandanın bərpa olunmaqda çətinlik çəkdiyini etiraf edib.
Baş məşqçi derbi və komandanın ümumi vəziyyəti barədə bu sözləri deyib: “Hesab edirəm ki, kubok finalındakı zəfərdən sonra həm emosional, həm də fiziki cəhətdən çox böyük güc itirdik. Belə bir matçın ardınca bu oyuna köklənmək, motivasiya tapmaq asan olmadı. Buna baxmayaraq, meydandakı mübarizəyə görə komandama təşəkkür edirəm. Şans tapmayan, nisbətən az oynayan futbolçulara özlərini göstərmək imkanı verdik və onlar da pis təsir bağışlamadılar. Bu gün qarşımızda çox yaxşı formada olan rəqib vardı. Meydanda demək olar ki, bərabərsəviyyəli bir mübarizə getdi. Sadəcə, biz xırda bir səhv buraxıb qapımızda qol gördük, rəqibin xətalarından isə yararlana bilmədik. Amma bu məğlubiyyət əhvalımızı kəsmir – bu gün çempionluğumuzu qeyd etmək, bu uğurun dadını çıxarmaq istəyirik”.