Premyer Liqasının XXXI turu “Turan-Tovuz” üçün təkcə “Karvan-Yevlax” üzərində qazanılan qələbə (1:0) ilə deyil, həm də komandanın iki aparıcı üzvünün əlamətdar yubileyləri ilə yadda qalıb.
“Turan Tovuz”un yarımmüdafiəçisi Rəhim Sadıxov ölkə çempionatlarında özünün 200-cü oyununa çıxıb. PFL-in rəsmi məlumatına görə, təcrübəli futbolçu bu müddət ərzində rəqib qapılarına 31 qol vurmağı bacarıb.
2019/20 mövsümündən bəri ölkə çempionatında çıxış edən Sadıxov, bu göstəriciyə üç müxtəlif klubun heyətində imza atıb:
“Sumqayıt” – 82 oyun (17 qol)
“Zirə” – 70 oyun (10 qol)
“Turan-Tovuz” – 48 oyun (4 qol)
Komandanın digər üzvü Alejandro Serrano üçün də bu qarşılaşma xüsusi əhəmiyyət kəsb edib. İspaniyalı futbolçu Premyer Liqada 100-cü oyununu keçirib. Maraqlıdır ki, Serrano bu rəqəmə yalnız “Turan Tovuz” forması ilə çatıb.
2023/24 mövsümündə debüt edən və bu günə qədər 11 qola imza atan Serrano, Azərbaycan çempionatları tarixində “100”lük baryeri keçən ikinci ispan futbolçu kimi tarixə düşüb. Ona qədər bu nəticəni yalnız “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Miçel əldə etmişdi.