Premyer Liqanın 28-ci turunda doğma meydanda “Karvan-Yevlax”a minimal hesabla (0:1) məğlub olan “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis məğlubiyyəti ustalıq çatışmazlığı ilə əlaqələndirib və gələcək planlarından danışıb.
Rəqibi qələbə münasibətilə təbrik edən Abbasov, oyunun gedişatını belə şərh edib: “Bilirdik ki, “Karvan-Yevlax”üçün hər matç finala bərabərdir. Onların motivasiyası çox yüksək idi. Oyun, əslində, bizim nəzarətimizdə idi, meydanda dominantlıq etdik, lakin qol vura bilmədik. Bu mövsüm bir neçə oyunda oxşar problemlə üzləşmişik. Bəlkə də futbolçulara fərdi ustalığı çatışmır. 90 dəqiqə ərzində isti havada mübarizə aparmaq, ruhdan düşməmək müsbət hal olsa da, nəticə istədiyimiz kimi olmadı”.
Matçın iki fərqli hissəyə bölünməsinə toxunan baş məşqçi, tempin aşağı olmasını hava şəraiti ilə əlaqələndirib: “Hava kifayət qədər isti idi və bu, tempə təsir edirdi. İkinci hissədə hücumameyilli dəyişikliklərlə təzyiqi artırdıq. İlk hissədə də üç real qol epizodumuz var idi. Futbolda belə hallar olur, bəzən şanssızlıq da öz sözünü deyir”.
Abbasov komandada ruh düşkünlüyü olması barədə iddiaları rədd edib. O, Premyer Liqada qalma məsələsinin həll olunmasının futbolçuları arxayınlaşdırmadığını bildirib: “Motivasiya problemimiz yoxdur, əks halda komanda sona qədər döyüşməzdi. Gənc oyunçularımız məşqlərdə yaxşıdırlar, sadəcə stressiz bitirmək üçün bir qədər də təcrübə lazımdır”.
Mövsümün sonunda vəzifəsindən ayrılacağı ilə bağlı yayılan xəbərlərin komandaya təsirinə gəlincə, mütəxəssis belə cavab verib: “Düşünürəm ki, bu xəbərlər futbolçularda məsuliyyəti daha da artırmalıdır. Çünki mövsüm başa çatır, müqaviləsi bitən oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu amilin oyunumuza mənfi təsir etdiyinə inanmıram. Məğlub olanda suallar çox olur, biz isə yolumuza davam edirik”.